27-ci Beynəlxalq Xəzər Neft və Qaz Konfransı

3 - 4 iyun 2020

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Conference - “Xəzər Neft və Qaz” konfransı: Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu

“Xəzər Neft və Qaz” konfransı: Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu
02.06.2016

Xəbərlər

İyun ayının 2-də “JW Marriott Absheron Baku” otelində ənənəvi “Xəzər Neft və Qaz” (“Caspian Oil & Gas 2016”) konfransı öz işinə başladı. 30 ölkəni təmsil edən 400 nümayəndənin iştirak etdiyi bu konfransda müasir dövrün reallıqları fonunda Azərbaycanın neft-qaz sənayesinin inkişaf perspektivləri, habelə təchizat üzrə əməliyyatlar çərçivəsində ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi və bir sıra digər aktual məsələlər müzakirə olunur.

“Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu” mövzusunda keçirilən plenar sessiyada çıxış edən “ITE Group plc” şirkətinin xüsusi məsləhətçisi c-b Endryu Vud qeyd etdi ki, “Caspian Oil & Gas” konfransı dünyada iqtisadi böhranın baş verdiyi və neft qiymətlərinin düşdüyü şəraitdə keçirilir. Onun sözlərinə görə konfrans neft-qaz sektorunun nümayəndələri ilə əməkdaşlıqların qurulması və təcrübə mübadiləsinin aparılması üçün mühüm platformadır.

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev qeyd etdi ki, “Caspian Oil & Gas” konfransı 20 ildən çoxdur ki, təşkil olunur. Nazir konfransın energetika sektorundakı yeniliklərin təqdim edilməsi və yaranmış problemlərin həll yollarının axtarılmasındakı rolunu vurğulayıb. N. Əliyev öz hesabatında dünyadakı iqtisadi böhranın təkcə neft-qaz sektoruna deyil, həm də geosiyasi iqtisadiyyatın bütün sahələrinə təsir etdiyini bildirib. Avropa, Şimali Afrika, eləcə də Neft İxrac Edən Ölkələr Təşkilatına (“OPEC”) üzv olan ölkələrdə, xüsusilə də İraqda baş verən proseslər neftin qiymətinə birbaşa təsir edir. Son vaxtlar neftin qiyməti kifayət qədər artıb, lakin ötən illərlə müqayisədə, bu rəqəmlər ən aşağı səviyyədədir. Əgər qiymətlər bu səviyyədə qalarsa, o zaman nəhəng neft şirkətləri başlıca layihələri və ən əsası yeni quyuların qazılmasını dayandıracaq.

N. Əliyev qeyd edib ki, neftin qiymətləri Azərbaycanı narahat etmir, belə ki, bizim ölkəmizdə iqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün mühüm addımlar atılır. “ - Hazırda Azərbaycan Avropanın meqa-layihəsi olan Cənub Qaz Dəhlizi layihəsini həyata keçirir. Bu layihə üç əsas hissədən – “Cənubi Qafqaz Boru Kəmərini Genişləndirilməsi” layihəsi, habelə “Trans-Anadolu Boru Kəməri” (TANAP) və “Trans-Qafqaz Boru Kəməri” (TAP) layihələrindən ibarətdir.” – deyə energetika naziri bildirib. O, meqa-layihələrin icra vəziyyəti, əldə olunmuş nailiyyətlər və Azərbaycanın neft-qaz sahəsi üzrə tranzit imkanları haqqında məlumat verib.

Böyük Britaniya Baş nazirinin ticarət məsələləri üzrə xüsusi elçisi Baronessa Emma Nikolson qeyd edib ki, Azərbaycan Avropa və dünya bazarını enerji resursları ilə etibarlı şəkildə təmin edir və bu sahədə mühüm nailiyyətlər əldə edib. “- Hazırda “Cənub Qaz Dəhlizi” layihəsi həyata keçirilir. Bu layihə Avropanın enerji təchizatının diversifikasiyasına mühüm töhfə verəcək” – deyə E. Nikolson vurğulayıb. O, həmçinin qeyd edib ki, Azərbaycan Böyük Britaniyanın etibarlı tərəfdaşıdır. Azərbaycan ilə Böyük Britaniya arasındakı əlaqələr təkcə neft-qaz sahəsində deyil, digər sahələrdə də uğurla inkişaf edir.

Konfransda ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev, “BP” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional prezidenti c-b Qordon Birrell, “Nobel Upstream” şirkətinin İcraçı direktoru c-b Ceremi Haq və başqaları məruzə ilə çıxış ediblər. Konfrans digər sessiyalar üzrə öz işini davam etdirir.

Aparıcı şirkətlərin yüksək səviyyəli menecerləri, sənaye nazirliklərinin nümayəndələri, sənaye sahəsi üzrə mötəbər ekspertləri eyni müzakirə platformasında bir araya toplayan neft-qaz forumu neft-qaz sənayesinin inkişafının aktual məsələləri üzrə fikir mübadiləsi aparmağa imkan verir.

 

 

 


Xəbərlər

Bütün xəbərlər