Xəbərlər

Caspian Oil & Gas Conference - Neft qiymətlərinin ucuzlaşmasının enerji sektoruna təsirləri Neft qiymətlərinin ucuzlaşmasının enerji sektoruna təsirləri
11.06.2020

Xəbərlər

İlham Şaban, “Caspian Barel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Cari ildə neft qiymətlərində dəyişkənlik çox yüksəkdir. Bir anlığa təsəvvür edin ki, 2020-ci ilin yanvarın əvvəlində Brent markalı neftin bir bareli 71 dollardan baha qiymətə satıldığı halda 21 apreldə onun qiyməti 16 dollardan aşağı qiymətədək ucuzlaşdı. Fərq 4,4 dəfə. İyunun əvvəlində isə 43,39 dollaradək yüksəldi – artım 2,7 dəfə.

Neft qiymətlərində bu cür dəyişiklik nə hasilatçıları, nə də istehlakçıları qane edir. Çünki hasilatçı üçün qiymətin proqnozlaşdırılmış həddi ətrafında ticarət əlverişlidir, bununla o xərcini tam ödəyə və stabil qazanc əldə etmək imkanında, həmçinin gələcək kəşfiyyat işləri üşün maliyyə ehtiyatı yarada bilir. İstehlakçı üçün də hər gün ucuzlaşan neft qiymətinin ortamüddətli dövr üçün belə hansısa xeyri yoxdur. Çünki o başa düşür ki, neft qiyməti stabil deyil, bu gün və sabah ucuzlaşan neft o biri gün artımla müşahidə olunacaq və hər şey bir an içərisində dəyişəcək. Enerji daşıyıcılarının qiymətinin dəyişməsi isə bir çox sahələrə təsir edir. Bu baxımdan istehlakçı üçün isə hər gün evdən bayıra çıxanda yanacaqdoldurma məntəqələrində fərqli qiymətləri müşahidə etmək heç də yaxşı hal deyil, bu əslində qeyri-stabillikdən xəbər verən amildir, nəinki onun hansısa günlərdə yanacaqda qənaət etməsi. Ona görə də qlobal bazarda heç kəs V obrazlı (kəskin ucuzlaşma və bir müddətdən sonra kəskin artım) qiymət dəyişməsində maraqlı deyil.  Əlbətt ki, möhtəkirləri çıxmaq şərti ilə. Onlar üçün belə hal sadəcə göydəndüşmə hesab oluna bilər.

Bu məsələləri daha ətraflı təhlil etməzdən əvvəl neftin dünya bazarında roluna dair bir ekskurs edək.

Neft qlobal iqtisadiyyat üçün bir nömrəli yanacaq olaraq qalır. Dünyada onun həcmdə satılan ikinci bir əmtəə yoxdur, BP Statistical Review of World Energy hesabatına görə, 2018-ci ilin yekunlarına əsasən dünyada 4,47 milyard ton neft hasil edilib. Hasilatın miqyası haqda təsəvvür yaranması üçün deyim ki, 2000-ci ildə dünyada 3,6 milyard ton, 1970-ci ildə isə 2,36 milyard ton neft hasil edilmişdi. Neftin dünyada 1 milyard ton hasilatı isə 1959-cu ilə təsadüf edirdi.    

Neftin dünya enerji istehlakı strukturundakı payı hazırda təqribən 31% təşkil edir ki, bu da kömür və qazı xeyli üstələləyən göstəricidir. Alternativ və bərpa olunan enerji mənbələrinin dünya enerji balansında neftlə müqayisəsi isə ümumiyyətlə nəzərəçarpacaq səviyyədə deyil.

Dünya bazarının qlobal təhlili ilə məşğul olan şirkətlərin (ExxonMobil, BP, Total və RD/Shell) hesabatlarından çıxış etsək, 2040-cı ilə qədər bu neft enerji daşıyıcıları içərisində öz liderlik mövqeyini çox güman ki, qoruyub saxlayacaq.

Bundan sonra enerji bazarında bir nömrəli yanacaq daşıyıcısı kimi qaz ortaya çıxacaq, hansı ki, hazırda üçüncü yerdədir və kömür üzərində onun qalibiyyəti bu onilliyin ortalarına təsadüf etməlidir.

Yarım əsr əvvəl - 1970-ci illərin əvvəllərində neftin payı dünya enerji balansında 45% -ə yaxın idi. Lakin 1973-cü ildə baş verən dünya enerji böhranı və qiymətlərin kəskin bahalaşmasından sonra (OPEC və Qərb ölkələri arasında siyasi qarşıdurma) qlobal bazardakı istehlakçılar qərar verdilər ki, neftdən asılılıq azalmalıdır. Bu baş verdi. Ancaq o yerdə ki, bunu etmək mümükün idi. Məsələn, elektrik enerjisi sənayesində kifayət qədər irəliləyiş əldə edildi, mazutla işləyən istilik elektrik stansiyaları tədricən təbii qaza keçirildi, XXİ əsrdə isə elektrikin alınması üçün alternativ enerji mənbələri daha aktual enerji mənbəyi kimi gündəmə daxil oldu. Amma bu uğuru nəqliyyat sektorunda tətbiq etmək hələ ki, mümkün olmayıb. Düzdür, əvvəllər neftin 70 faizi məhz nəqliyyat sektorunun payına düşürdü. İndi bu göstərici 60 faizədək azalıb. Nəqliyyatda sıxılmış qaz (CNG), maye qaz (LPG) istifadə edilməklə yanaşı elektrik avtomobilləri də əmələ gəlib.

XXİ əsrin ikinci onilliyi ərzində neft qiymətləri qlobal bazarda kəskin dəyişikliyə məruz qalıb. Belə ki, 2010-2014-cü illərdə neftin Brent markası üzrə orta qiyməti bir barel üşün 102 dollar təşkil etmişdisə, 2015-2019-cu illərdə bu göstərici 57,08 dollar olmuşdu. Növbəti beşillikdə bu qiymətlərin 50 dollardan baha olmayacağına dair proqnozlar səsləndirilir. Və bu da onunla əsaslandırılır ki, dünyada rəqəmsal texnologiyaların tətbiqi sürətlə yayılmaqdadır, rəqəmsal texnologiyalar isə ilk növbədə enerjidən daha səmərəli istifadə və daha qənaətcil avadanlıqlardan istifadənin gündəmə gəlməsidir. Bunun nəticəsində iqtisadiyyatlar artsa da, enerjidən istifadə əvvəlki tempdə istehlak tempi nümayiş etdirməyəcək. Nəticədə bazarda enerjinin bolluğu müşahidə ediləcək və ona uyğun da bazar qiymətləri – yəni əvvəlki dövrə nisbətən daha ucuz qiymətlər bərqərar olması proqnoz edilir.     

Bu baxımdan 2020-ci ildə dünya bazarlarında neftin orta qiyməti ilə bağlı verilən proqnozlar böyük maraq doğurur. Xatırladaq ki, ötən il Brent markalı neftin orta qiyməti 63,80 dollar təşkil etmişdi. Cari il üçün qiymətlər təqribən bundan 40-50% aşağı həddə güman edilir.

Artıq iyun ayının əvvəlində bir sıra tanınmış maliyyə institutları və reytinq agentlikləri əvvəl verdikləri proqnozlara korrektə etdilər. Və bu proqnozlarda qiymət diapazonu daralmağa deyil, genişlənməyə meylli oldu. Məsələn, ABŞ Energetika nazirliyinin Enerji informasiyası İdarəsi (EİA) 2020-ci il üçün Brent markalı neftin bir barelinin orta qiymətini 11,4% artıraraq 38,02 dollara qədər yüksəldib. Fitch reyting agentliyi isə neft qiymətlərinin cari ildə 35 dollar olacağı qənaətindədir. Öz növbəsində Avropa Komissiyası hesab edir ki, 2020-ci il üçün Brent markalı neftin orta qiyməti 38,40 həddində olacaq.

Göründüyü kimi ilin yarısına çatmaq üzrəyik, ancaq neftin orta qiymətləri üzrə heç bir proqnoz 40 dollar səviyyəsində belə deyil və ötən ilki göstəricidən 41-45% aşağı olması proqnoz edilir. Bu isə neft və qaz sənayesi üçün yaxşı heç nə vəd etmir.

Əvvəla, 2020-ci ilin I rübünü böyük əksəriyyət neft və qaz şirkətləri ziyanla başa vurduqlarını elan etdilər. 2020-ci ilin yanvar-mart aylarında isə bazarda neftin orta qiyməti 50 dollardan yüksək olmuşdu. Bu isə o deməkdir ki, II rübün maliyyə göstəriciləri daha acınacaqlı olacaq. Çünki neftin orta qiyməti apreldə 20 dollar ətrafında bərqərar olmuş, mayda isə 30 dollardan bir qədər baha satılmışdı. İyunda isə qiymətin 35-40 dollar arası diapazonunda olması gözlənilir. Yəni II rüb ərzində şirkətlərin maliyyə vəziyyətinə ciddi təsir edən amil təkcə neft qiymətlərinin kəskin ucuzlaşması faktoru olmayacaq. Həmçinin OPEC və OPEC+ razılaşması çərçivəsində indiyə qədər rekord həcmdə - gündəlik 9,7 milyon barel neftin may ayından başlayaraq bazarlardan yığışdırılması prosesi gedir ki, bu da birbaşa hasilatçı şirkətlərin gəlirlərinə təsir edən faktor kimi çıxış edir.

Şirkətlər bunu görür və radikal addımlar atırlar. Məsələn, BP Plc şirkəti 2020-ci ilin sonuna qədər dünya üzrə öz işçilərinin sayını 10 min nəfər azaltmaq haqda qərar verib. Bundan əlavə şirkət restruktrizasiya nəticəsində 250 rəhbər işçi heyətindən 120-nin ixtisar edilməsini də bəyan edib. Ümumilikdə, BP cari ildə kapital xərclərini 25% və ya 3 milyard dollar, 2021-ci ildə isə daha 2,5 milyard dollar azaltmağı planlaşdırır.

Neft-qaz bazarlarının investisiya vəziyyətini tədqiq edən Rystat Energy şirkəti hesablayıb ki, cari ildə neft və qaz sənayesi üzrə kapital xərcləmələri 131 milyard dollara qədər azaldıla bilər.  Ötən il bu göstərici 192 milyard dollar təşkil etmişdi.

Yəni əvvəlki dövrdə neft qiymətlərinin kəskin ucuzlaşma dövründən çıxış edərək birmənalı olaraq deyə bilərik ki, neftin aşağı qiymətlərində şirkətlər qənaət rejiminə keçirlər. Bu qənaət ilk olaraq geoloji kəşfiyyat işlərindən başlayır, çünki onları neftin daha bahalı qiymətində də həyata keçirmək mümükündür. Daha sonra qazma işləri minimallaşdırılır, yəni böyük kapital tələb edilən əməliyyatlar təxirə salınınr və ya onlar üzrə işlərin tempi yavaşıdılır. Daha sonra idarəetmədə struktur dəyişiklikləri aparılır ki, daha az rəhbər heyət ilə qarşıda duran vəzifələrin öhdəsindən gəlmək mümükün olsun. Və nəhayət işçi ştatın optimallaşdırılması məsələsidir – yəni ixtisarlar. Bu, şirkətlər üçün ən ağrılı bir proses olsa da, BP və digər iri korporasiyaların timsalında biz mütəmadi bunları müşahidə edirik. Atılan addımların isə məqsədi bazarda rəqabətədavamlı xammalın, məhsulun və xidmətlərin satılmasını təmin etməkdir.

Bu baxımdan neft sənayesi digər sektorlarla müqayisədə kifayət qədər qazanc əldə edilə bilən bir sahə olsa da, ancaq riskləri də böyükdür. Burada stabillik periodu demək olar ki, şərtidir. Ona görə də neft sənayesi dünya əmək bazarında ən yüksək ixtisaslı kadrları, o cümlədən idarəedici menecerləri cəlb edir və bu xüsusiyyətinə görə ona diqqət də kifayət qədərdir. Hamı başa düşür ki, yaşananlar müvəqqəti və növbəti çətinliklərdir, sonra yenidən qlobal bazarın tələblərinə uyğun enerji təminatına hazır olmaq lazımdır.